Bir ağıllı qız varmış. Elmə ac imiş və məktəbdən, ətraflarından aldığı məlumatlar kifayət etmirmiş. Tanıdığı ən böyük elm adamının yanına gedib ondan məlumat almağa qərar verir.
Müdrik insan qızın verdiyi bütün sualları cavablandırır. Qız daha çox məlumat almaq üçün bir müddət müdrik insanın yanında qalır.
Lakin sonra müdrik insana verdiyi hər sualı cavablandırması onu bezdirir. Belə olduqda onun tapa bilməyəcəyi bir sual barədə fikirləşmək qərarına gəlir.
Daha sonra düşünür ki, ovcuna bir kəpənək qoyub, “ovcumda bir kəpənək var. Diridir, yoxsa ölü”, - deyə sual verəcəm. "Ölü" desə, kəpənəyi azad edəcəm. "Diridir" desə, ovcumu yüngülcə sıxıb kəpənəyi öldürəcəm.
Belə də edir və müdrik insandan soruşur:
- Ovcumda bir kəpənək var, deyin görüm, ölüdür, yoxsa diri?
Müdrik insan uzun müddət onun gözlərinə baxır və sonra cavab verir:
- Sənin əlindədir qızım, sənin əlində...
Həyatımızın hər saniyəsi, günü, yaxşısı, ya da pisi, gözəl və ya çirkini, düzgün və ya yanlışı, xoşbəxtlik və ya kədəri ovcumuzdakı kəpənək kimidir. Açsaq uçub gedəcək, bir balaca sıxsaq, məhv olacaq.