Menyu
İki qardaşın hekayəsi
HEKAYƏLƏR

İki qardaşın hekayəsi

İki qardaş atalarından miras qalmış fermada işləyirdilər. Qardaşlardan biri evli və beş övladı vardı. Digər qardaş isə subaylığın daşını atmamışdı. Hər günün sonunda qardaşlar məhsullarını və qazanclarını bərabər bölürdülər.

Bir gün subay qardaş düşündü: "Məhsulumuzu bölmək və bərabər mənfəət əldə etmək ədalətli deyil. Mən subayam və çox şeyə ehtiyacım yoxdur. Qardaşımın böyük ailəsi var. Onun daha çox ehtiyacı var."

O gündən sonra subay qardaş gecələr bir kisə taxılı çiyninə vuraraq qardaşının evindəki taxıl anbarına daşımağa başladı. 

Amma evli qardaş da öz-özünə düşünürdü: "Məhsulumuzu bölmək və bərabər şəkildə qazanc əldə etmək ədalətli deyil. Evliyəm, həyat yoldaşım və övladlarım var, qocalanda mənə baxa bilərlər. Ancaq qardaşım qocalanda ona baxacaq kimsəsi yoxdur. Gələcəkdə daha çox şeyə ehtiyacı olacaq."

Beləliklə, evli qardaş da hər gecə evindən çıxaraq gizlincə qardaşının taxıl anbarına bir kisə taxıl daşımağa başladı. Hər iki qardaş illərlə bir birindən xəbərsiz taxıl daşıdılar və nə baş verdiyini hiss etmədilər, çünki hər iki anbardakı taxılın miqdarı dəyişmirdi. Amma bir gecə qardaşlar bir-birinin anbarına gizlicə taxıl daşıyarkən yolda qarşılaşdılar. Uzun müddət donuq halda baxışdılar və çuvallarını ataraq bərk-bərk qucaqlaşdılar.

Qardaşlıq, dostluq yalnız eqoist düşüncə deyil, həm də başqalarını düşünmək və qardaşlıqda iştirak etməkdir.