“Soyqırımları tarixi” adlı yazılar silsiləsinin növbəti hissəsini FaktXəbər olaraq təqdim edirik. Ötən yazılarımızıda Norveç və İsveçin minlərlə qaraçını necə qırmasından və ABŞ-ın su çiçəyi xəstəliyi ilə hindu xalqını necə məhv etdiyini araşdırmışdıq.
Budəfəki araşdırma mövzumuz Böyük Britaniyanın törətdiyi soyqırımlarıdır.
İngilislər Hindistana, Avstraliya, Ruanda, Zair və hətta Almaniyada da qətliamlar törədiblər. Amma ən çox zərbəni birbaşa şəkildə Hindistan və Avstraliya xalqlarına vurublar. Hindistanın təbii və mənəvi zənginliklərini tamamilə məhv edərək, yoxsul ölkə halına gətiriblər. Birinci Dünya müharibəsi zamanı Hindistandan 1 milyon əsgər və 1 milyard rupi pul alıblar. Alınan bu pul və əsgərlər də Osmanlı dövlətinə qarşı istifadə edilib.
HİNDİSTAN
13 aprel 1919-cu ildə ingilislərin o zamankı müstəmləkəsi Hindistanın Amritsar şəhərində hadisə baş verir. Hadisə bir ingilis qadının Amritsar şəhərində velosipedlə gəzərkən yerli kişilər tərəfindən hücuma məruz qalması iddiası ilə başlayır. Qadın bu hadisədən o zamankı komandir, general Reqinald Dyerə şikayət edir. General Dyer dərhal əmr verir: o prospektdəki bütün hindlilər diz üstə çöksün və sürünərək getsinlər. Bundan əlavə, ingilis polislərinə yanlarına yaxınlaşan bütün hindliləri qırmanclamaq səlahiyyəti verir.
Bu hadisədən sonra hindlilər bir festivalı qeyd etmək və baş verənlərə etiraz üçün toplanırlar. Zərərçəkənlərin söylədiklərini dinləməyə başlayırlar. Birdən, general Dyer 50 əsgəri ilə birlikdə həmin əraziyə gəlir və heç bir xəbərdarlıq etmədən pulemyotlarla dinc sakinləri atəşə tutur. Hindlilər 10-15 dəqiqə ərzində 370 ölü və 1500 yaralı verərək ərazidən çəkilirlər. Qərargaha qayıtdıqda isə general üstlərinə üsyana qalxdıqları üçün atəş açdığını raport edir.
Araşdırma üçün Hindistana gələn müfəttiş generala günahsız xalqa atəş açdırmasının səbəbini soruşduqda, general Dyer, "Buranın komandiri mənəm. Buradakı hərbi işləri mən icra edirəm. Elə lazım bildim və əmr etdim", cavabını verir. Belə cavab alan müfəttiş, "Lap yaxşı, bəs əhalinin dizi üstə sürünməsinə əmr verməyinizin səbəbi nədir", - deyə sual verir. General, "Hindlilər tanrıları qarşısında üzüstə sürünürlər. Bunlara ingilis qadının hind tanrısı qədər müqəddəs olduğunu və onun qarşısında da təhqir deyil, sürünmələri lazım olduğunu izah etmək istədim", söyləyir.
Generalın bu sözləri İngiltərə mətbuatında dərc olunduqda onu qəhrəman elan edirlər və tarixə "Amritsar üsyanını yatıran general" kimi düşür. Bu hadisələrdən sonra Hindistanda böyük hadisələr baş verir və general Dyer təqaüdə çıxır. Lakin Lordlar Palatası hadisələri anlayışla qarşılayır. Bu hadisələr əsnasında gənc olan Udham Sinq gözlərinin qarşısında olanların intiqamını almaq üçün and içir. Andına qırğın zamanı bölgədə qubernator olmuş Michael O'Dyverini 13 mart 1940-cı il Londondakı "Caxton Hall"da 6 güllə vuraraq öldürməklə yerinə yetirir və bu əməlinə görə 31 iyulda edam olunur.
İNGİLİSLƏRİN AVSTRALİYADA YERLİLƏRƏ TƏTBİQ ETDİYİ SOYQIRIMI
İngiltərə Krallığı 1788-1938-ci illər arasında müstəmləkə məqsədi ilə getdikləri Avstraliyada məskunlaşmış aborigenləri sistematik şəkildə məhv edirlər. İngilislər yerli xalq arasında epidemiya yayırlar. Amma bununla da kifayətlənməyib yeməklərinə zəhər qataraq onların məhvinə başlayırlar. Görülən bu cür tədbirlər nəticəsində 750 min qaradərili aborigendən yalnız 31 min nəfər sağ qalır.
RUANDA, ZAİR QƏTLİAMLARI
İngiltərənin rəhbərlik etdiyi koalisiyalar aralarına kin toxumları səpilən bir çox ölkə xalqını bir-birinə qırdırıblar. 1965-1966-cı illərdə İndoneziya ordusu 1 milyon kommunisti və ailələrini öldürüb, 1975-1979-cu illər arasında Kambociyada qırmızı kxmerlər 1.7 milyon kambociyalını qətliam edib,1994-cü ildə Ruandada 500.000 tutsi hutular tərəfindən öldürülüb.
Müstəmləkə dövründə ingilisləşən və ingilis mədəniyyətinin nümayəndəsinə çevrilən tutsilərlə hutular arasında 1994-cü ildə baş verən müharibədə 1 milyon tutsi ölür.
1996-cı ildəki qarşıdurmalarda isə Zair hökumətinin rəhbərliyinin təzyiqindən və tutsilərin qırğınından xilas olmaq istəyən hutular Ruandaya doğru qaçırlar. Bir dilim çörəyə möhtac olan mühacirlər yol boyunca onları nə kimi təhlükələrin gözlədiyindən də xəbərsiz idilər.
Müstəmləkəçi qüvvələr Uqandadan çəkildikdən sonra da onların yetişdirdiyi yerli xristianlar müsəlmanlara zülm etməyi dayandırmırlar. Avropa ölkələrinin xidmətindəki Uqandanın yerli xristianları 1980-85-ci illəri arasında 100 min uqandalı müsəlmanı qətliam edirlər. Xristian zülmündən qaçan 400 minə yaxın uqandalı da Zair, Ruanda və Sudandakı mühacir düşərgələrinə sığınmaq məcburiyyətində qalır. 150 minə yaxını da Uqandanın içindəki qaçqın düşərgələrinə sığınır.
Zair sərhədindəki qaçqın düşərgələrinin əlverişsiz və primitiv şərtlərində iki il həyatla-ölüm arasında müqavimət göstərən 400.000 mühacir dəstələr şəklində qonşu ölkələrə qaçır. Aclıq və səfalətin hökm sürdüyü ölkədə yayılan vəba isə işi daha da çətinləşdirir. Yoxsul və kimsəsiz insanlara yardım edilmir, edilən çox az miqdardakı kömək isə əsgərlər tərəfindən müsadirə olunur. Onsuz da bir-birini mərhəmətsiz şəkildə qətlə yetirən hutu və tutsilərin gələn yardımları paylaşmalarını gözləmək, ancaq xəyal olardı. Hər cür dərman yardımı müsadirə edilən Zairin Homa şəhərində o dövrdə hər saatda ən azı 10 uşaq ölürdü.
STRATEJİ BOMBARDMAN VƏ "YANĞIN QASIRĞASI" - YAPONİYA
ABŞ və Britaniya başda olmaqla imperialist dövlətlərin Birinci Dünya müharibəsi ərzində üzərində işlədikləri "strateji bombardman" anlayışının aviasiya və partlayıcı maddə texnologiyası sahələrindəki inkişafın da yardımı ilə İkinci Dünya müharibəsi zamanı tətbiqinə başlandı. Strateji bombardman rəqib dövlətin iqtisadi infrastrukturunu və vətəndaşının əhvalını çökdürmək, bununla da döyüş gücünü iflic etmək üçündür. İkinci Dünya müharibəsinin xüsusi ilə ikinci yarısında Almaniya və Yaponiyanın strateji bombardmanının ən mühüm elementi 1942-ci ilin fevralında Britaniya Krallığının Hava Hücumundan Müdafiə Qüvvələri Bombardman Komandanlığının başına gətirilən Artur Harrisin 1943-cü ildə hazırladığı texniki, sənaye və rabitə bazalarına, kütləvi yaşayış sahələrinə yanğın bombasının tətbiqi idi.
Bu plan yüksək partlayıcı gücü olan bombaların böyük miqdarda atılmasını özündə əks etdirir və ölkə əhalisinin terror edilməsini hədəfləyirdi. Çoxlu sayda bombardman təyyarəsinin atdığı bu bombaların müəyyən sahələrə istiqamətlənməsi ilə yaranan kiçik həcmli yanğınlar birləşərək temperaturun yüksək dərəcələrə qalxmasına səbəb olan bütöv bir yanğın yaradırdı. Bundan sonra hava həddindən artıq isinir, insanları və digər obyektləri əhatə edən süni alov qasırğası yaranırdı. Bu qasırğa çoxlu sayda insanın yanaraq, tüstü və karbon monoksiddən zəhərlənərək, havasız qalaraq ölümünə səbəb olurdu.
Britaniya və ABŞ 1943-cü ildən bu texnologiyanı Almaniya və Yaponiyadakı şəhərlərə qarşı tətbiq edirlər. Bu bombardmanlar Hiroşima və Naqasakidə istifadə edilən atom bombalarının gətirdiyi ölümə yaxın can və mal itkisinə səbəb olur. Misal üçün, Tokioya qarşı ABŞ təyyarələrinin 1945-ci ilin martında həyata keçirdiyi bombardmanda 100.000-ə yaxın dinc sakin ölür. Con Dover 1986-cı ildə yayımlanan "War Without Mercy: Race & Power in the Pacific War" kitabında Tokio bombardmanı zamanı kanalların qaynadığını, metalların əridiyini, binaların və insanların birdən-birə alov kürəsinə döndüyünü yazır. 334 ədəd “B-29” nəhəng bombardman təyyarəsinin iştirak etdiyi bu hücumda həmin vaxt 6 milyon insanın yaşadığı Tokio 3 saat ərzində bombalanır. 1665 ton fosfor bombasının istifadə edildiyi bombardmanda 265.000 bina dağıdılır, 42 kvadrat kilometrlik ərazi tamamilə külə dönür. Ölənlərin çoxunun qadınlar, uşaqlar və yaşlılardan ibarət olduğu bombardmanda “B-29” təyyarələrinin pilotları yanan insan əti iyindən qusmamaq üçün oksigen maskası taxmaq məcburiyyətində qalırlar.
1945-ci ilin avqustunda yanğın qasırğası yaradan bombardmana hədəf olan Yaponiya şəhərlərinin sayı 58 olub və imperialistlərin əllərindəki fosfor bombaları qurtardığı üçün bombardmanlara fasilə vermək məcburiyyətində qalırlar. Amma buna baxmayaraq, bombardmanlar 6 avuqstda Hiroşimaya və 9 avqustda Naqasakiyə atom bombalarının atılması ilə davam edir.
Yeri gəlmişkən, İkinci Dünya müharibəsindən əvvəl və sonra Sovet İttifaqı ABŞ və Britaniyanın əksinə olaraq strateji bombardman flotu əvəzinə, daha çox taktiki hücum məqsədlərindən istifadə edib. Məhz buna görə də Sovet hava qüvvələrinin bombardman təyyarələri və digər döyüş təyyarələri əsla şəhərləri və mülkü obyektləri fasiləsiz şəkildə bombalamamışdı. Belə olmasa idi “Qızıl Ordu” da faşist Almaniyasının, yapon silahlılarının və xüsusi ilə də Britaniya və ABŞ imperialistlərinin etdiyi kimi şəhərləri, mülkü obyektləri təyyarələr, raketlər və ağır toplarla təsadüfi, ya da bilərəkdən bombalaya bilərdi. Belə olmasa idi Berlini almaq üçün küçə-küçə döyüşərək 120.000 əsgər itirməzdi.
13-14 FEVRAL 1945-Cİ İL: DREZDEN
"Tarixi qazananlar yazır", - deyilir. Buna görə də, faşist Almaniyasının Londona və digər Britaniya şəhərlərinə qarşı həyata keçirdiyi hava hücumları çox geniş ədəbiyyatın və filmlərin mövzusu olub. Amma ABŞ və Britaniyanın xüsusi ilə 1943-cü ilin ikinci yarısından etibarən Almaniya və Yaponiya şəhərlərinə qarşı son dərəcə vəhşi və barbar bombardmanları sanki unutdurulub. (Hətta, dünyada ilk və yeganə nümunə olmasına baxmayaraq, Hiroşima və Naqasakinin atom bombalarına hədəf olması hadisəsi belə, bu gün də gizli imperialist media senzurasına məruz qalır) Halbuki, ağır bombardman təyyarələrinə malik olmayan Luftvaffenin (Almaniya Hərbi Hava Qüvvələri) Britaniyaya qarşı 1940-41-ci illərdə 9 ay tətbiq etdiyi bombardmanlar zamanı ölənlərin sayı 40.000, yaralananların sayı isə 236.000 nəfər olmuşdu. Amma Almaniyanın təkcə Drezden şəhərində Britaniyanın bombardmanı nəticəsində bir gecədə ölənlərin sayı bundan qat-qat çox idi. Bütün müharibə ərzində Londonda hava bombardmanı nəticəsində dağıdılan ərazi 2.430.000 kvadrat metr idi. Ancaq təkcə bir gecədə Drezdendə dağıdılan ərazi 6.475.000 kvadrat metr olmuşdu. Buna baxmayaraq, heç kəs Drezdenin faciəvi şəkildə məhvindən danışmır.
1945-ci ilin fevralında İkinci Dünya müharibəsinin sonuna az qalmış, Almaniyanın şərqində yerləşən və tarixi-mədəni zənginliyinə görə "Şimalın Florensiyası" adlandırılan Svinger muzeyi, Frauenkirxa kimi abidələri ilə məşhur olan Drezdenin 600.000-ə yaxın əhalisi irəliləyən "Qızıl Ordu"dan qaçan Almaniya vətəndaşlarının da şəhərə sığınması ilə təxminən 1.2 milyon nəfərə çatır. Şəhərdə hər hansı bir ciddi hərbi hədəf - qarnizon, silah zavodu, silah anbarı və sair - olmadığı üçün Drezdenə Almaniyanın digər şəhərlərinə edilən hava hücumlarının edilməsi gözlənilmirdi. Bir-iki mənasız hava hücumundan başqa şəhərin o günə qədər ABŞ və Britaniyanın hava hücumuna məruz qalmaması da bu fikri gücləndirirdi. 13-14 fevral 1945-ci ildə Drezden tamamilə müdafiəsiz idi. Talehsiz şəhərdə nə hər hansı bir hava hücumundan müdafiə sistemi, nə də güclü bombardmanlardan qaçacaq sığınacaq var idi.
Drezden sakinlərini qəfil yaxalayan ilk hücum dalğası gecə saat 22:09-da başlayır və 24 dəqiqə davam edir. Krallığın Hərbi Hava Qüvvələrinin 244 ədəd "Lancaster" təyyarəsinin atdığı fosfor bombaları Drezdenin daxili şəhər deyilən bölgəsində yanğın qasırğası yaradır. Birinci hücumdan sonra 3 saatlıq fasilə elan edilir. Bu aldadıcı fasilə binalara sığınan və ilk bombardmandan xilas olmağı bacaran insanların bayıra çıxmalarını, xilasetmənin və yardım qruplarının hərəkətə keçməsinin təmin etmək, bununla da ikinci hücum dalğasında can itkisini daha da artdırmaq üçün edilir. Bombardman zamanı sığınaqlara toplanan insanların böyük hissəsi də havasızlıqdan, ya da fosfor bombalarının yaratdığı güclü istidən yanaraq ölürlər. Alovlardan xilas olmaq istəyən on minlərlə insan isə Drezdenin "Grosser Garten" adlı 4 kvadrat kilometrlik nəhəng parkına toplanır. Krallığın 529 ədəd "Lancaster" təyyarəsinin qatıldığı ikinci bombardman dalğası gecə 01:22-də yenə heç bir xəbərdarlıq edilmədən həyata keçirilir. "Grosser Garten" parkını tamamilə əhatə edən və şəhərin digər ərazilərinə də təsir göstərən yanğın qasırğası bir neçə dəqiqə ərzində on minlərlə insanı yandıraraq öldürür.
14 fevral günü səhər saat 10:30-da isə üçüncü hücum dalğası həyata keçirilir. 527 ədəd "Mustang" təyyarəsinin təşkil etdiyi bu bombardmanın məqsədi ötən gecəki hücumdan sağ qalanları yox etmək idi. Müharibə zamanı Drezden yaralanan, şikəst olan on minlərlə vətəndaş və əsgərin sığındığı və müalicə aldığı şəhərə çevrilir. Gecə həyata keçirilən qırğından xilas olanlarla bərabər, həkimlərin fəaliyyəti nəticəsində minlərlə xəstə, yaralı və şikəst insan Elba çayının sahilinə toplanır. ABŞ təyyarələri isə əksəriyyəti xəstə, şikəst olan bu insanları 38 dəqiqə ərzində bombardman edir.
Bombardmandan iki həftə sonra Drezdenə gedən isveçrəli gördükləri barədə belə yazır:
"Qopmuş qollar və qıçlar, parçalanmış bədənlər və bədənlərindən ayrılaraq kənara düşmüş başlar görürdüm. Bəzi yerlərdə cəsədlər o qədər çox idi ki, qopmuş qollara və ayaqlara basmamaq üçün yeriməyə yol açmaq məcburiyyətində qalırdım."
Maykl Zezima 8 fevral 2003-cü ildə, yəni ABŞ və cinayət yoldaşlarının İraqa hücumundan 45 gün əvvəl yazdığı "From Dresden to Baghdad" (Derzdendən Bağdada) adlı məqaləsində 1.2 milyon insanın olduğu Drezdenə 700.000 ədəd fosfor bombası atıldığını və şəhərin əsası yerlərində istiliyin 1.000 dərəcəyə çatdığı bildirilir.
Tanınmış jurnalist Filip Kinqtley isə belə yazır: "Britanya və ABŞ təyyarələrinin atdığı 750.000-ə yaxın fosfor bombası yanğın qasırğası yaratmışdı və ətrafında nə var içinə çəkirdi. Drezdendə sürəti 100 milə yaxınlaşan alov küləyi əsirdi. Alovlar bütün orqanik maddələri, yana biləcək hər şeyi yeyirdi. Minlərlə insan istidən bişərək, yanaraq və havasızlıqdan boğularaq ölürdü. Növbəti gün isə Amerika təyyarələri sağ qalanları məhv etmək üçün gəldilər. Drezdenin daxili şəhərində olan 28.410 evdən 24.866-sı dağıdılmışdı." (London, "Quartet Books", 1975, s.313)
Drezdenin bombalanması nəticəsində nə qədər insanın ölməsi barədə dəqiq məlumatlar yoxdur. Bunun səbəbləri arasında çoxlu sayda insanın cəsədinin parçalanması, yanması, əriməsi, hətta buxarlanması ilə yanaşı, müharibənin son vaxtları olduğu üçün Drezdenə kənar şəhərlərdən minlərlə qaçqının toplanması da var idi. Amma aparılan müstəqil araşdırma komissiyası ölü sayının 300.000-dən çox olduğunu göstərir.
"Qəssab" ləqəbli marşal Artur Harris avtobioqrafiyasında Drezdenin döyüş sursatları istehsalının əsas bazası olduğunu yazsa da, tarixçilər bunu özünümüdafiədən başqa bir şey olmadığını və Drezdendə belə zavodların olmadığını sübut ediblər.
Bundan əlavə, həmin vaxt başda Çörçil olmaqla digər səlahiyyətlilər bombardmanın Sovet İttifaqının istəyi ilə həyata keçirildiyini söyləyirlər. Amma sonradan üzə çıxan arxiv materialları göstərdi ki, deyilənlər yalandır və 4-12 fevral tarixində toplanan Yalta Konfransı zamanı Çörçil "Qızıl Ordu"nun irəliləyişini asanlaşdırmaq üçün Almaniyanın əsas şəhərlərinin bombalanması təklifini irəli sürüb, amma Stalin və köməkçiləri bu təklifi qəbul etməyib.
Drezden qətliamını araşdırmaq yalnız tarixin unudulan və ya unutdurulan bir səhifəsini yenidən açmaq mənasına gəlmir. Gəlmir, çünki İkinci Dünya müharibəsindən sonra ABŞ imperializmi dünya xalqlarına qarşı ardıcıl Drezdenlər yaşatdı və hələ də yaşatmaqda davam edir.
Ola bilsin, oxucuda sual yaransın ki, nəyə görə İngiltərə və ABŞ Drezden bu cür soyqırım həyata keçirdi? Bu suala konkret bir misalla cavab vermək olar: İlk əvvəl Sovet ordusunun məğlub olacağını gözləyən ABŞ və Böyük Britaniya qəfil dönüşdən narahat olmuşdular. Və Stalinin Berlində dayanmayacağını, Avropanın digər ölkələrinə qarşı da irəliləyəcəyindən narahat idilər. Məhz buna görə, bir növ gövdə göstərisi kimi nəyə qadir olduqlarını və yuxarıda da qeyd etdiyimiz kimi, Sovet İttifaqının malik olmadığı bombardmançı təyyarələrinin gücünü göstərmək, bununla da "Qızıl Ordu"nun Berlində dayanmasına nail olmaq istəyirdilər.Görünür, bütün gücünü qoyaraq Berlinə kimi irəliləyən Stalin də ya daha iki dövlətlə müharibə cəbhəsi açmamaq, ya da əlavə itkilərə yol verməmək məqsədi ilə 9 Mayda Qələbəni elan edərək, müharibəni sonlandırdı.
Aqil Mehdi