Menyu
Soyqırımları tarixi: bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər
TARİX

Soyqırımları tarixi: bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər

Erməni vandalları ilə Rusiyanın 366-cı motoatıcı alayının birgə törətdiyi Xocalı Soyqırımı hər il dünyanın müxtəlif ölkələrində qeyd edilir. Amma dünyada imperialist güclərin iştirakı ilə törədilən soyqırımlar təkcə bununla bitmir. İngilislərin, ispanların qırmızıdərililərə, norveçlilərin taterlərə, ingilislərin avstraliyalı yerlilərə, almanların Qərbi Afrikada nambiyalılara, köçəri xalq olan qaraçılara, Amerika və İngiltərənin müharibədən sonra heyf çıxmaq üçün Drezdendə almanlara qarşı və bu kimi digər faktları da unutmaq olmaz. 

Dünyada baş verən soyqırımlar - hansı ki, Azərbaycan oxucularının əksəriyyəti məlumatsızdır – barədə əldə edə bildiyimiz qədər araşdırmalar təqdim etmək istəyirik. İlk olaraq təqdim edəcəyimiz araşdırma Amerikada yerli xalqa – hindulara (qırmızıdərililər) qarşı həyata keçirilmiş soyqırımdır. 

Avropanın məşhur səyyahlarından və Amerika qitəsini kəşf edən kimi tanınan Xristofor Kolumbun bu qitəyə daxil olması ilə birlikdə qırmızıdərili qırğını başlayıb. Kolumbun əsgərləri 12 oktyabr 1492-ci ildə tarixində Quanahani sahillərinə çıxdıqdan qısa müddət sonra vəhşi canavarlar kimi hindulara hücum etməyə başlayıblar. O zamanlar ələ keçirilən qırmızıdərili ya öldürülür, ya kölə kimi satılması üçün Avropaya göndərilir, ya da ayağına zəncir vurularaq olduqca ağır işlərdə işlədilirdi. Kolumbun İspaniya kralına 1948-ci ilin sentyabr ayında göndərdiyi bir məktubda eynilə belə yazılır: "Buradan sata biləcəyiniz qədər çoxlu qul göndərəcəyik... Əlli adamla bu xalqın hamısını boyunduruq altına ala və onlara hər istədiyimizi etdirə bilərik."

Hinduları həqiqətən tanıyırsınızmı?

Hindular - qırmızıdərililər haqqında nə bilirsiniz? Bizim nəslin hindular haqqındakı məlumatı tamamilə birtərəfli olaraq hazırlanmış kovboy filmlərindəki cəfəngiyatlardan uzağa getmir. Qırmızıdərililər poçt karetasına hücum edirlər, baş kəsirlər; qəhrəman Amerika kovboyları da onlarla vuruşub qalib gəlirlər. Bu filmlərdə hindular bir sıra vəhşi və ibtidai məxluqlar kimi göstəriliblər.

Halbuki qırmızıdərililər onları amansızcasına qətlə yetirən amerikalılardan daha mədəni və humanistdirlər. Hinduların ayağına yazılan başkəsmə kimi vərdiş isə əksinə, amerikalılar tərəfindən hindulara tətbiq olunmuş işgəncədir. ABŞ prezidentlərindən Endryu Cekson "At Nalı" müharibəsindən sonra öldürülən hinduların dərilərinin soyulmasına şəxsən nəzarət edib.

Sonradan adı nüvə başlıqlı raketlərə verilən, "Blək Cek" ləqəbli ordu generalı Con Cozef Perşinq isə, "Ən yaxşı hindu, ölü hindudur", - deyib.

Bu söz 1869-cu ildə general Şeridon tərəfindən də təkrarlanıb və Amerikanın atalar sözü halına gəlib.

 

Hindu soyqırımı Amerikanın dövlət siyasətidir

Bu soyqırım nəticəsində bir irq tamamilə yox olub və 20 milyona yaxın hindu müxtəlif işgəncələrə, zorakılıqlara, xəstəliyə, aclığa və sürgünə məruz qoyularaq vəhşicəsinə qətlə yetirilib. 

Hindu soyqırımı ABŞ-ın rəsmi dövlət siyasəti olub. ABŞ arxivlərini araşdıranlar bu barədə çoxlu sayda sənədi asanlıqla əldə edə bilərlər. Amerika rəsmi orqanları hər bir qırmızıdərili kəlləsi üçün 5 dollar ödəyib. Həmin dövrdə dövlətə məxsus binaların zirzəmiləri qırmızıdərili kəlləsi ilə ağzınacan dolurmuş.

 

Hindu soyqırımları necə həyata keçirilib?

Hindu soyqırımları Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindulara qarşı həyata keçirilən soyqırımlardır.

Birbaşa hindu soyqırımları torpaqlarından zorla qovulan hinduların rezervasiyalara yerləşdirilməsi, hinduların immun sistemlərinə yad olan su çiçəyi xəstəlikləri kimi qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindu uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindu məktəbləri və Kanada hindu məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilib. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilib.

 

Su çiçəyi soyqırımı

İlk bioloji silah da amerikalılar tərəfindən Hindular üzərində tətbiq olunub. Amerikalı Lord Amherst göndərdiyi bir direktivdə, "Qırmızıdərililər alçaq irqdir. Bunları tamamilə məhv etmək üçün bütün üsullar kimi adyal ilə mikrob yoluxdurmaq da yaxşı sınaqdır", - deyib. Beləliklə, sürgünə göndərilən hindulara guya yardım olaraq paylanan adyallara çiçək mikrobu yoluxdurularaq yüz minlərlə hindu xaincəsinə öldürülüb. 

Qırmızıdərililərin aclıqdan ölməsi üçün əsas qidaları olan bizonların kütləvi qırılması da hindu soyqırımı üsullarında maraqlı nümunədir.

Tədqiqatçıların da çoxu hinduların sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi yoluxucu xəstəlikləri göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölüb. XVI əsrin əvvəllərindən 1754-1767-ci illərdəki Fransa-Hindu müharibələrinin sonlarına qədər, 200 ildən uzun müddət ərzində bütün yerlilər su çiçəyi xəstəliyindən zərər çəkib.

Texasdakı Hindu Soyqırımı Muzeyində qorunan sənədə görə də, su çiçəyi infeksiyasının bulaşdığı adyallar Lenape hindularına Texas-Hindu müharibələri ərəfəsində amerikalı əsgərlər tərəfindən verilib.

 

Mezoamerika və Cənubi Amerikadakı su çiçəyi yoluxmaları

Vest-Hind bölgəsindəki Haiti adasında ilk su çiçəyi yoluxması 1518-1519-cu illərdə qeydə alınıb. Bu yoluxma nəticəsində bölgədə yaşayan hinduların sayı ciddi şəkildə azalıb.

İspan əsgər və səyyahı olan Ernan Kortes 1519-cu ilin fevral ayında Astek İmperiyasına hücum edir. 1520-ci ildə başqa ispan qrupu Haiti adasından Meksikaya gəlir və burada iki il davam edəcək su çiçəyi yoluxmasının baş verməsinə səbəb olur. Digər qrupdan xəbər tutan Kortes hücum edərək onları məğlub edir, ancaq adamlarından biri də su çiçəyinə yoluxur. 21 may 1520-ci ildə Tenoktitlanda olan Templo Mayor məbədində asteklərin ispanlar tərəfindən öldürülməsi Toxkalt qırğını olaraq tanınır. Kortes 1521-ci ilin avqust ayına qədər paytaxta qayıtmır. Bu müddət ərzində asteklərin çoxu əsgər olmaqla 25%-i su çiçəyi yoluxmasından ölür. Fransiskan təriqətindən olan ispan missioneri Toribio de Benavente Motolinia asteklərin su çiçəyinə yoluxmasını belə təsvir edir:

“Xəstəliyin çarəsini bilməyən hindular taxtabiti kimi topa-topa öldülər. Əksər yerlərdə bütün ailələr qırıldı və ölü sayının çoxluğundan onları basdırmaq mümkün deyildi. Evləri məzarlarına çevrildi.”

Geri dönən Ernan Kortes hələ də ölməyən astek əsgərlərinin olduqca zəifləmiş olduğunu görür və 13 avqust 1521-ci ildə Astek İmperiyası süqut edir.

Su çiçəyi yoluxmasının İnk İmperiyasına təsiri Astek İmperiyasından daha dağıdıcı olub. İspanların hücumundan əvvəl su çiçəyi yoluxmaları indiki Kolumbiya ərazisindən başlayaraq yayılıb. Xəstəliyin belə sürətlə yayılmasına İnk İmperiyasının işlək yol sisteminin səbəb olduğu düşünülür. İnk hökmdarı Huayna Capac, onun varisi və digər İnk liderlərinin çoxu xəstəlik nəticəsində ölüb. Sağ qalan iki oğlu liderlik uğrunda mübarizə aparıb və qalib gələn Ataualpa yeni hökmdar olub. Paytaxt Kuskoya qayıdan Ataualpa və onun ən yaxşı komandanını ispan əsgər və səyyahı Fransisko Pizarro hiylə yolu ilə ələ keçirir və bu yolla İnk İmperiyası ələ keçirilir. Bir neçə il ərzində inklərin 60-90%-i başda su çiçəyi olmaqla Avropadan gəlmiş xəstəliklər nəticəsində ölür.

Bəzi tarixçilər bartonella cinsindən olan bakteriyaların səbəb olduğu bartonelloz xəstəliyinin də səbəblər arasında olduğunu deyirlər, ancaq bu yanaşmanı qəbul edənlər azlıq təşkil edir.

Qədim Perudakı Moçe mədəniyyətinə aid olan keramikalarda bartonellanın təsirləri təsvir olunub.

Yeni dünyadakı iki böyük imperiyanın dağılmasına səbəb olan su çiçəyi xəstəliyi sürətlə yayılmağa davam edir. 1561-ci ildə yeni ispan valisi Fransisko de Villaqranın da içində olduğu gəminin La Serenaya yaxınlaşması nəticəsində su çiçəyi Çiliyə də çatır. Perudan Atakama səhrası və And dağları vasitəsilə ayrılan Çili hinduları 1561-1562-ci illərdə su çiçəyi xəstəliyi nəticəsində qırıldılar. Tarixçilər ölü sayı ilə bağlı dəqiq rəqəm verməsələr də, son təxminlərə görə su çiçəyi Çilidəki hinduların 20-25%-nin ölümünə səbəb olub. İspan tarixçi Alonso de Qonqora Marmolejonun yazdığına görə, qızıl mədənlərində işləyən hinduların hamısı öldüyü üçün İspaniya qızıl mədənlərini bağlamağa məcbur qalıb. 

Araukanlar və ispanlar arasında baş verən Araukan döyüşündə hinduları məğlub etməyin mümkün olmadığını görən Fransisko de Villaqra su çiçəyi yoluxmasını sehirli vasitə kimi qəbul edir.

 

Şimali Amerikadakı su çiçəyi yoluxmaları

1633-cü ildə indiki ABŞ-ın şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlayıb və digər yerlərdə olduğu kimi yerlilərin böyük hissəsi yox olub. 1634-cü ildə mohavklara çatan su çiçəyi xəstəliyi 1636-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatır. 1770-ci illərdə indiki ABŞ-ın qərb sahillərində yaşayan hinduların 30%-i su çiçəyi yoluxmaları nəticəsində ölür. 

1702-1703-cü illərdə indiki Kanada ərazisində yerləşən Kvebek şəhərinin əhalisinin dörddə biri su çiçəyi yoluxmasından dünyasını dəyişir.

1780-1782-ci illərdə su çiçəyi ovalıq hindularını qırır və saylarında ciddi azalma baş verir. Su çiçəyinə bölgədəki bütün qəbilələr yoluxur, çox az hindu sağ qalır. E.Riç olanları belə təsvir edir:

“Ailələr çadırlarında dəfn olunmamış şəkildə yatarkən, sağ qalan bir neçə nəfər də qaçaraq xəstəliyi yaymışdır.”

Pol Hekit anişinabelərin üçdə birinin qırıldığını yazır. Bataqlıq kriləri də oxşar şəkildə 75% itki verirlər. 1785-ci ildə Böyük düzənlikdəki siular da yoluxmadan zərər çəkirlər.

Bostonda da bir sıra su çiçəyi yoluxması baş verib. 1636-1698-ci illərdə Bostonda altı yoluxma hadisəsi qeydə alınıb. 1721-ci ildəki yoluxma isə ən ən ağırı olub. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi 13 koloniyanın yoluxulmamış hissələrinə yayıblar. 

ABŞ-da İstiqlal müharibəsi ərzində, 1770-ci illərin sonunda su çiçəyi yoluxması yenidən başlayıb və 125000 insan ölüb. Pir Kalm “Şimali Amerika səyahəti” (Travels in North America) adlı əsərində hindu kəndlərinin cəsədlərlə dolu olduğunu və bu cəsədlərlə hələ sağ olan zəifləmiş hindular üçün canavarların bayram etdiyini yazıb.

1832-ci ildə ABŞ federal hökuməti hindular üçün su çiçəyi peyvəndi proqramı başladılır.

 

Vest-Hind adaları

Vest-Hind adaları ispanlar tərəfindən Amerikada kəşf edilən ilk yer olduğu üçün hindu soyqırımları da ilk dəfə burada başlayıb. Vest-Hind adalarının sülhsevər sakinləri olan aravaklara qarşı edilən soyqırımlar Xristofor Kolumbun göndərdiyi məktub və jurnallar əsasında xronoloji ardıcıllıqla onun pərəstişkarı olan tarixçi Bartolomey de Las Kasas tərəfindən qeydə alınıb.

Kolumb 1492-ci ildə Vest-Hind adalarına gəldiyi zaman bölgədə üç böyük yerli hindu qrupu yaşayırdı. Bunlara qərbi Kuba və Haitidə yaşayan Siboney hinduları, Böyük Antil adalarında yaşayan Tayno aravakları və Kiçik Antil adalarında yaşayan Karib hinduları daxildir.

 

Tayno soyqırımı

Tayno və ya Aravak soyqırımı Böyük Antil və Baham adalarında yaşayan Aravak dillərində danışan tayno hindularına qarşı ispanlar tərəfindən həyata keçirilib. O dövrdə beş böyük tayno kasiki yerləşən Haitidəki hinduların sayı qeyri-müəyyəndir. Onların sayının bir neçə yüz minlə bir milyon arasında olduğu təxmin edilir. Kolumbun Avropaya qayıdışından sonra daha çox ispan mühacir adaya gəlib və 1504-cü ildə baş verən döyüş nəticəsində sonuncu tayno kasiki olan Higüey məğlub olub. Sonrakı on il ərzində taynoların yaşayış mühiti getdikcə azalıb. İspan koloniyaçıları tərəfindən adanın qızıl mədənləri istismar olunub və qalan taynolar kölələşdirilib. Haitidə Kolombun gəlməsindən sonrakı 25 il ərzində taynoların sayı kölələşdirmə, qırğın və xəstəliklər səbəbindən azalıb. 1514-cü ildə Haitidə sağ qalan taynoların sayı 32000 nəfərdir. 1515-ci ildə təkcə Haitidə təqribi hesablamalara görə, döyüşlər və köləlik səbəbindən taynoların 80%-i (təqribən 200.000 nəfər) öldürülüb və sonrakı illərdə onlar tamamilə yox olub. Hindu soyqırımları haqqında Harvard Universitetinin dənizçilik üzrə professoru Samuel Eliot Morison yazırdı ki, "Kolumb tərəfindən əsası qoyulan və xələfləri tərəfindən davam etdirilən zülm siyasəti soyqırımla nəticələnib".

Hazırda saf tayno yoxdur. Soyqırımdan xilas olan taynolar Avropa və Afrikadan gələnlərlə qarışaraq, onların mədəniyyəti içində assimilyasiya olublar. Buna baxmayaraq, bəziləri taynoların varisləri olduğunu iddia edirlər. Dominikanlı pedaqoq E.Antonio de Moyanın, "Hindu soyqırımı tariximizin böyük yalanıdır. ...Dominikan taynoları avropalılarla qarşılaşdıqdan 500 il sonra da öz varlığını davam etdirir", - deməsi də, bu mirasın varisləri olduğunu iddia etmək siyasəti ilə bağlıdır.

Yeni dünyadakı sənədləşdirilmiş su çiçəyi yoluxmaları
  İl Yer Haqqında
1520–1527 Meksika, Orta Amerika, Cənubi Amerika Milyonlarla hindinin su çiçəyi səbəbindən ölməsi 23 aprel 1520-ci ildə ispan əsgər və səyyahı Panfilo de Narvaezin Verakruza gəlməyi ilə başlamış və Ernan Kortesin 1521-ci ildə Astek İmperiyasının paytaxtı olan Tenoktitlana çatması ilə davam etmişdir. Bundan başqa su çiçəyi İnk İmperiyasının imperatoru olan Huayna Capacla birlikdə 200000 inkinölümünə səbəb olmuş və İnk İmperiyası zəifləmişdir.
1561–1562 Çili Ölənlərin sayı dəqiq olmasa da, 20-25 % hindinin öldüyü təxmin olunur. Alonso de Qonqora Marmolejoya görə mədənlərdə işlədilən çoxlu hindi ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olmuşdur.
1617–1619 Şimali Amerikanın şimal-şərq sahilləri Massaçusets körfəzi sahilində yaşayan hindilərin 90%-i ölmüşdür.
1674 Çerokilər Ölənlərin sayı dəqiq bilinmir. 1674-ci ildəki sayları təqribən 50000 nəfərdir. 1729, 1738 və 1753-ci illərdəki su çiçəyi yoluxmalarından sonra 25000 nəfərə qədər azaldılar.
1692 Boston  
1702–1703 Müqəddəs Lavrenti, Nyu York  
1721 Boston  
1736 Pensilvaniya  
1738 Cənubi Karolina  
1770 Şimali Amerikanın qərb sahilləri Şimali Amerikanın qərb sahillərində yaşayan hindilərin 30%-i ölmüşdür.
1781–1783 Böyük göllər  
1830 Alyaska  
1860–1861 Pensilvaniya  
1865–1873 Filadelfiya, Nyu York, Boston, Nyu-Orlean Su çiçəyi ilə yanaşı vəba, tifus və sarı qızdırma xəstəlikləri müşahidə olunmuşdur.
1877 Los Anceles  
1902 Boston, Massaçusets    

 

Kalinaqo soyqırımı

Kalinaqo və ya Karib soyqırımı Kiçik Antil adalarında yaşayan və Karib dillərində danışan kalinaqo hindulərinə qarşı ingilis və fransızlar tərəfindən həyata keçirilib. Kiçik Antil adalarına avropalıların axışması səbəbindən çoxlu kalinaqo hindusu 1626-cı ildə Sent-Kits adasına toplanır. Bu toplaşma Barbe adlı qadın tərəfindən ingilislərə xəbər verilir. İngilis və fransız birlikləri Sent-Kits adasına qəfil gecə basqını təşkil edir. Hazırda adanın “Qanlı nöqtə” olaraq adlandırılan yerində Karib hindularının çoxu öldürülüb.

1660-cı ildə fransızlar etnik təmizləmə çərçivəsində Martinika adasından yerli Karib hindularını sürgün edib.

 

Britaniya Amerikası

Amerika qitəsində Böyük Britaniyanın müstəmləkəçilik fəaliyyətləri nəticəsində Britaniya Amerikasında hindulara qarşı soyqırımlar həyata keçirilib. Bu dövrdəki hindu soyqırımlarında ingilislər tərəfindən başın üzülməsi adətinin geniş yayıldığı müşahidə olunub.

 

Piket soyqırımı

1637-1638-ci illərdə baş vermiş Piket soyqırımı və ya Piket döyüşü kimi yadda qalan hadisə zamanı alqonkin hinduları ilə ingilislər və onların müttəfiqi olan Moheqan və Narraqanset hinduları arasında baş verən döyüş zamanı alqonkinlərə qarşı soyqırım baş verib. Piket döyüşünün gedişində, 26 may 1637-ci ildə Mistik qətliamı adlandırılan hadisədə Con Meysonun komandanlığındakı ingilislər və onların müttəfiqləri indiki Konnektikutda yerləşən Mistik çayı sahilindəki bir kəndə gecə hücum edir, təqribən 600-700 hindunu evləri ilə birgə yandırır və yanğından xilas olanları öldürürlər. Piket döyüşü nəticəsində yüzlərlə hindu öldürülür, yüzlərləsi əsir götürülür və Vest-Hind adalarına qul kimi satılırlar.

XIX əsr boyu davam edən bu insan ovu 1886-cı ildə azad qırmızıdərili Apaçi qəbilələrinin başçısı Ceronimonun əsir düşməsi və 1890-cı ildəki "Yaralı diz qətliamı" ilə tamamlanıb.

8 sentyabr 2000-ci ildə ABŞ-da Hindu İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindulardan rəsmi şəkildə üzr istəyib.

12 oktyabr 1492-ci il tarixi hindular üçün faciəli bir gündür və o günü Kolumb günü kimi qeyd etmək, soyqırım, köləlik, zorakılıq və qarət irsini dəstəkləməkdir. Oxşar şəkildə Şükran günü də ABŞ hindularına qarşı aparılan soyqırımın qeyd edilməsi kimi görünür.

Amerikalılar hindulara qarşı ümumilikdə 65-dən artıq qətliam həyata keçiriblər. Son qətliamı isə 1911-ci ildə baş verib. Aparılan əməliyyatın da adı "Last Massacre" ("Son qətliam") olub.

ABŞ-ın banisi hesab olunan Corc Vaşinqton yerliləri xalq olara görmürdü. O, hinduları vəhşi canavarlara bənzədirdi və "Bu vəhşi heyvanların (qırmızıdərililər nəzərdə tutulur) tamamilə məhv edilməsi lazımdır", - deyirdi. Nəticə də elə oldu. ABŞ-ın başqa bir prezidenti Ruzvelt də Vaşinqtondan geri qalmayaraq, "Mən ən yaxşı yerli (qırmızıdərililər nəzərdə tutulur) ölü yerlidir demək istəmirəm, amma 10-dan 9-u elədir", - deyə bildirirdi.

 

Aqil Mehdi