1937-ci ildə Çin-Yapon müharibəsi zamanı (2-ci Çin-Yapon müharibəsi kimi tanınır) Çinin Nankin şəhərinin Yapon ordusu tərəfindən işğal edilməsi ilə başlayıb təxminən 6 həftə davam edən, bəşər tarixinin ən qanlı faciələrindən biri baş vermişdir. Nankin qətliamı ərzində 300 minə qədər vətəndaşın Yaponiya əsgərləri tərəfindən amansızlıqla öldürüldüyü, minlərlə qadına təcavüz olunduğu (20-80 min arasında olduğu təxmin edilir) qeydiyyatdan keçsə də, günümüzdə yaponlar tərəfindən inkar siyasəti davam etdirilir.
İkinci Çin-Yapon müharibəsi zamanı 1932-ci ilin əvvəlində Çinin Mancuriya bölgəsində başlayan Yapon işğalı var idi. 7 iyul 1937-ci il tarixində Çin ordusuna aid 29-cu Alay tərəfindən Marko Polo körpüsündə Yapon ordusuna atəş açılması ilə başlayan döyüş yerini Yaponiyanın irəliləməsinə verdi. Çin o zaman millətçilər və kommunistlər arasında vətəndaş müharibəsinin baş verdiyi yer idi. Yaponlar kommunistləri təmizləmək adı altında ərazisini genişləndirmək siyasətini uğurla davam etdirir və bu bəhanə ilə Mancuriya bölgəsini talayırdı.
1937-ci ildə Yaponiya Çin ordusuna üstün gəldi və noyabr ayının sonlarında yapon hərbçiləri müharibənin bitdiyini, evlərinə qayıdacaqlarını düşünürdü. Lakin 1 dekabr günü Yaponiya Baş Qərargahı o vaxt Çinin paytaxtı olan Nankinə doğru irəliləyiş göstərişi verir. Ordu əsəbləşir. Yapon zabitləri istəksiz və əsəbi əsgərlərini motivasiya etmək üçün Nankin alındıqda talan və təcavüz olmaqla hər şeyə icazə verəcəklərini bildirirlər. (Jurnalist M.Şinqeharunun xatirələri)
Çinlilərə qarşı bəslədikləri kin ilə irəli gedən Yaponiya əsgərləri 9 dekabr 1937-ci il tarixində Nankinə çatır. 7 dekabr günü Çin hökumətinin millətçi sədri olan Çan Qayşi vəzifəsini ordu generalı Tanq Şenq Çihə verərək Nankindən qaçır. General Tanq əksəriyyəti təhsilsiz olan, təxminən 100 min nəfərlik yerli silahlılarla Nankini qorumağı düşünür.
Yapon ordusu 9 dekabr günü şəhəri təslim etmələrini istəsə də, çinlilər bunu qəbul etmir. 10 dekabr günü kompleks hücuma keçən Yaponiya ordusu 13 dekabr 1937-ci il tarixində Nankinə daxil olaraq işğalı başa çatdırır. Nankin qalası Yaponiya ordusunun nəzarətinə keçir.
Nankinin işğalından sonra Yaponiya ordusu təsirləri hələ də danışılan soyğunçuluq və təcavüzlərə başlayır. Təcavüzə məruz qalan qadınların sayının 20-80 min arası olduğu bildirilir. 114-cü Yaponiya Quru Qoşunları Diviziyasının qeydlərində göstərilir ki, əsirlər briqadadan gələn əmrlə öldürülüb. 14 min əsirin öldürülüb Yansızı çayına atıldığına dair bir çox şahid ifadələri var. General-polkovnik Kesaqo Nakajimanın gündəliyində əsir götürmə siyasətinin tətbiq olunmadığı və müharibə əsiri götürülməyəcəyi prinsipinin tətbiq olunduğu göstərilir.
Nankin qətliamı Yaponiya Quru Qüvvələrinin 1938-ci ilin yanvar ayında Nankindən ayrılmasına qədər davam edib. Lakin qətliama məsul olan şəxslərin mühakiməsi İkinci Dünya müharibəsindən sonra olub. Yaponiyanın Amerikaya təslim olması və müharibədə məğlubiyyətlərini elan etmələrindən sonra Avropadakı nasist müharibə cinayətkarlarının mühakimə olunduğu Nürnberq məhkəmələrinin oxşarı Yaponiya rəsmiləri üçün qurulmuş (Uzaq Şərq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi) və Nankin qətliamının səbəbkarları mühakimə edilmişdir.
Yaponların o vaxt Orta Çin Cəbhəsi komandanı olan general İvane Matsui Çinin dostu olmasına baxmayaraq, məhkəmə barəsində edam hökmü çıxarır. Şahzadə Asaka isə Yapon İmperatorluq ailəsi üzvü olduğu üçün toxunulmazlıq hüququndan (Duqlas MakArturun qoyduğu İmperiya nümayəndələrinin məhkəmədən azad olması prinsipi ilə) istifadə edərək mühakimədən uzaq qalır. General-polkovnik Sumio Tani, leytenantlar T.Nota, G.Tanaka və T.Muai də edam edilir.
Beynəlxalq Uzaq Şərq Hərbi Məhkəməsinin məlumatlarına görə, Nankin soyqırımında öldürülənlərin sayı 200 min nəfərdir. Çinli mənbələr bu sayı 300 min göstərir. Məhkəmə keçirilməsinə baxmayaraq, zərərçəkənlər və tarixçilərin fikrinə görə, Nankin qətliamı üçün süni mühakimə aparılıb və əsl cinayətkarlar cəzasız qalıblar.
Nankin
Yapon ordusunun motivasiyanı artırmaq və əsgərlərin orduya gəlməsini təşviq etmək üçün mətbuat mühüm silah kimi istifadə edilib. Nankin qətliamı zamanı "Japan Advertiser" adlı İngilis dilində nəşr olunan qəzet xəbərində yer alan "Qılıncla 100 adam öldürmək yarışması" bu gün də Nankin qətliamını izah etmək üçün istifadə olunan bir arqumentdir. Bu xəbərə görə, Nankin qətliamı zamanı əlləri və ayaqları bağlanaraq toplanan əsirlər əllərində qılınc olan iki yapon əsgərinin qarşısına düzülür və kimin daha çox əsir öldürdüyü test edilir.
Yaponlar müharibədən sonra dərc olunan xəbərin əsassız olduğunu və xalqı motivasiya etmək üçün manipulyasiya edildiyini söyləyirlər. Ancaq leytenantlar T.Nota və G.Tanaka bu xəbərdəki faktlar əsas gətirilərək edam edilmişdi. Bunun əksi olaraq isə Çin hökuməti günümüzdə belə, Nankin qətliamını göstərmək üçün təşkil etdiyi yerli konfranslarda "100 nəfəri kəsmə yarışması" (Hyaku Nin Qiri) sloqanından istifadə edir.
Nankin qətliamı ilə bağlı yazılı mənbələr çox azdır. Dəlillər daha çox şahidlərin açıqlamalarına, qəzet xəbərlərinə və Yaponiya ordusunun yazışmalarına istinad edilir. Çünki o vaxt yaponların Çin işğalı zamanı ən böyük silah tədarükçüsü ABŞ idi. Yaponlar bu qədər böyük bir qətliam barədə məlumatların Qərb dünyası və ABŞ-a çatacağı təqdirdə onlara edilən silah və neft satışına embarqo qoyula biləcəyi qorxusuna görə Nankin üzərində fövqəladə vəziyyət elan etmişdilər.
Nankin qırğınından sonra Mancuriya işğalı davam edi. Qətliamlar yerini "731-ci ərazi" adı verilən tibbi araşdırma adı altında əsir olan insanlara ağla gəlməyəcək işgəncələrin verildiyi mərkəzə və müharibə zamanı Yaponiya əsgərlərini əyləndirmək üçün götürülən qadın əsirlərin cinsi istismara məruz qaldığı evlərə vermişdi.
Nankin soyqırımı İkinci Dünya müharibəsindən sonra xüsusilə ABŞ üçün Xirosima və Naqasakiyə atılan atom bombalarını qanuni göstərmək üçün təbliğat materialı kimi istifadə edildi. Yaponlar günümüzdə belə, Nankin soyqırımı barədə yalan danışırlar. Xüsusilə 1990-cı ildən etibarən Nankin qətliamı üçün tamamilə inkar siyasəti yürütməyə başlayıblar. Söhbət Nankinə gələndə əsəbiləşsələr də, tətbiq etdikləri vəhşi işkəncə üsulları, şahid ifadələri, o vaxt Nankində yerləşən Almaniya konsulluğu, digər əcnəbilərin hesabatları və daha sonradan ortaya çıxan sənədlər işığında aparılan tədqiqatlar gün kimi ortadadır. Nankin hadisəsi hazırda da vaxtaşırı olaraq Çin və Yaponiya arasında rəsmi şəkildə bəzi görüşlərdə gündəmə gətirilir və mediada işıqlandırılmasa belə, geniş mübahisələrin olduğu bildirilir. Ən çox mübahisə isə ölən insanların sayı məsələsində yaranır.
Nankin qətliamına şahid olan və ömürlərinin ahıl çağlarını yaşayan sonuncu şəxslər isə bu gün Yaponiya tərəfindən rəsmi şəkildə üzr istənməsini gözləyirlər.
Aqil Mehdi